Protez növləri
- Tək implant üzərində qapaq. Zirkon, E-max (litium disilikat keramika) və ya metal-keramika.
- İmplant dəstəkli körpü. Bir neçə ardıcıl diş olmadıqda.
- Çıxmayan tam çənə protezi (All-on-4 / All-on-6). İmplantlara vintlə bərkidilir.
- Şərti çıxan protez. Vintlə bərkidilir və yalnız həkim tərəfindən gigiyena və nəzarət üçün çıxarılır. Pasiyent onu özü çıxarmır.
- İmplant üzərində çıxan protez. Dişlər tam olmadıqda daha qənaətli variantlardan biridir və yaşlı pasiyentlərə tez-tez təklif olunur. Pasiyent onu özü çıxarıb təmizləyir. Bərkidici növləri: balka, kürəvi və düymə (lokator) tipli. Adətən plastik, neylon və ya akrildən hazırlanır, hipoallergen materiallar seçilir. Dr. Mirzəyevin paylaşımına görə, belə protez üçün aşağı çənədə ən azı 2, yuxarı çənədə ən azı 3 implant lazımdır. Dəqiq say tomoqrafiya və protezin konstruksiyasına görə müəyyən edilir.
Müvəqqəti diş nə üçündür?
Müvəqqəti diş sadəcə boşluğu bağlamaq və pasiyenti dişsiz qoymamaq üçün deyil. O:
- diş əti konturunu və papillaları (dişlərarası diş əti üçbucaqlarını) qoruyur və formalaşdırır;
- implantüstü dişin çıxış profilini yaradır;
- gələcək daimi qapağın forma və ölçüsünü əvvəlcədən yoxlamağa imkan verir;
- estetikanı, danışığı, kontaktları və rahatlığı qiymətləndirməyə kömək edir;
- daimi qapaq üçün düzgün «yol xəritəsi» yaradır.
Uyğun hallarda müvəqqəti diş implantasiya günü hazırlanır. İlkin stabillik kifayət etmirsə və ya klinik vəziyyət imkan vermirsə, sağalmadan sonra, daimi qapaqdan əvvəl hazırlanır. Yəni onun vaxtını reklam və vəd deyil, sümüyün, yumşaq toxumanın, implantın stabilliyinin və çeynəmə yükünün vəziyyəti müəyyən edir.
Yaxşı implantüstü diş necə olmalıdır?
Təbii görünməli, rahat olmalı və pasiyent onu asanlıqla təmizləyə bilməlidir. Dişlər arasında yemək qalması normal qəbul edilməməlidir. Problem yaranarsa, səbəb klinik və rentgen müayinəsi ilə müəyyən olunur. Bax: İmplant üzərindəki qapaq niyə narahat edə bilər?
Çıxan protezdən və yapışdırıcı kremlərdən necə qurtulmaq olar?
Bu, pasiyentlərin ən çox verdiyi suallardan biridir. Çıxan protezi yerində saxlamaq üçün yapışdırıcı kremlərə (məsələn, Corega) ehtiyac qalmasın deyə implant dəstəkli variantlar var: implant üzərində çıxan protez və ya çıxmayan All-on-4 / All-on-6. Hansının uyğun olduğu sümüyün vəziyyətindən və pasiyentin istəklərindən asılıdır.
Komanda
Cərrahi mərhələ Dr. Mirzəyevə, ortopedik mərhələ klinikanın stomatoloq-ortopedinə aiddir. Protezlər əməkdaşlıq edilən diş texniki laboratoriyalarında hazırlanır.