İmplant müalicəsində diqqət çox vaxt sümüyün həcminə və implantın yerləşməsinə yönəlir. Lakin implantın uzunmüddətli qorunmasında onun ətrafındakı yumşaq toxumalar da böyük rol oynayır. Sağlam, qalın və sabit diş əti implant ətrafında təbii müdafiə səddi yaradır, gigiyenanı asanlaşdırır və estetikaya kömək edir.
Diş əti nədir?
Diş əti (gingiva) çənə sümüklərinin yuxarı hissəsini və dişlərin ətrafını örtən toxumadır. Dişləri və ağız toxumalarını xarici amillərdən qoruyur, dişləri dəstəkləyir. Qanla yaxşı qidalandığı üçün sağlam diş ətinin rəngi açıq çəhrayıdır. Diş ətində problem yarandıqda diş itirilə bilər. Eyni qayda implantlara da aiddir: implant ətrafında sümük və diş əti kifayət qədər olmadıqda implant itirilə bilər.
Nazik yumşaq toxuma nəyə səbəb ola bilər?
- diş ətinin çəkilməsinə;
- implantın metal hissəsinin görünməsinə;
- gigiyenanın çətinləşməsinə;
- estetik problemlərə və iltihab riskinin artmasına.
Yumşaq toxuma plastikası nədir?
Bu, toxumanın qalınlığını, həcmini və sabitliyini artıran cərrahi prosedurdur. Məqsəd yalnız gözəl görünüş deyil, implant ətrafında sağlam və uzunmüddətli qoruyucu mühit yaratmaqdır. Lakin yumşaq toxuma plastikası hər implant və hər pasiyent üçün mütləq deyil. Qərar klinik müayinə, implantın mövqeyi, toxumanın qalınlığı və gigiyena imkanları qiymətləndirildikdən sonra fərdi şəkildə verilir.
Həkimin təcrübəsindən
Dr. Mirzəyev yumşaq toxuma cərrahiyyəsi üzrə Pavel Yaroşeviçin kursunda iştirak etdikdən sonra yazırdı: implant ətrafında keyfiyyətli selikli qişa yoxdursa və onun həcmini artırmaq mümkün deyilsə, implantın uzunmüddətli proqnozu ciddi şəkildə pisləşir. Bu, estetika və implantın uzunömürlülüyü üçün çox vacibdir. Onun ifadəsi ilə: «Hamı implant qoya bilər, amma hamıda nəticə təbii dişlərə oxşamayacaq».
«Unutmayaq: implant sadəcə sümüyə yerləşdirilən vint deyil. Uğurlu nəticə — düzgün implant mövqeyi, sağlam sümük, stabil yumşaq toxuma və peşəkar planlamanın birlikdə yaratdığı bütöv sistemdir.»